ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır) şənbə günü - fevralın 15-i günorta saatlarına qədər Qəzzada saxladığı qalan israilli girovlar qaytarmasa, Qəzza atəşkəsi ləğv edilməlidir.
ABŞ prezidentinin bu açıqlaması HƏMAS-ın girovların azad edilməsini gecikdirəcəyi ilə bağlı açıqlmasından bir neçə saat sonra gəlib. Belə ki, HƏMAS-ın nümayəndəsi Əbu Übeydə İsraili yanvarın ortalarında bağlanmış müvəqqəti atəşkəs razılaşmasını pozmaqda ittiham edib. HƏMAS sözçüsünə görə, son üç həftə ərzində mülki şəxslərin Qəzza zolağının şimalına buraxılmasında gecikmələr və onların atəşə tutulması, Qəzzaya humanitar yardımın çatdırılmasında yubanmalar qeydə alınıb. O deyib ki, bütün bunlarla əlaqədar olaraq HƏMAS girovların azad edilməsini qeyri-müəyyən müddətə təxirə salacaq. Qrup həmçinin İsraildən razılaşmanın pozulmasına görə "təzminat" tələb edib.
Ağ evdə jurnalistlərin suallarını cavablayan prezident Tramp HƏMAS-ın ötən həftə buraxdığı israilli girovların sağlamlıq durumundan və qrupun növbəti günlərdə daha çox israilli girovu azad etməyəcəyi ilə bağlı açıqlamasından narazılığını bildirib: "Mən deyərdim ki, girovlar şənbə günü saat 12-yə qədər qaytarılmalıdır, bu, uyğun vaxtdır. Onlar tək-tək yox, iki-bir, üç-dörd və iki şəklində yox, hamısı qaytarılmalıdır. Əgər qaytarılmasalar, mən deyərdim ki, razılaşmanı ləğv edin, qoy cəhənnəm qopsun".
"Düşünürəm ki, girovların çoxu artıq ölüb", - o, sözlərinə əlavə edib.
Antonio Quterreş və Donald Tramp
6 fevral
BMT baş katibi Trampa Qəzzaya görə xəbərdarlıq edib
"Reuters" xəbər verir ki, BMT baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampı Qəzzada "etnik təmizləmə" planından çəkinməyə çağırıb. Bu, prezident Trampın fevralın 4-də İsrail baş naziri Netanyahu ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərin ardınca gəlib. Tramp qəzzalıların köçürülməsini və Qəzzaya ABŞ-nin nəzarət etməsini təklif edib.
"Həll yolları axtararkən problemi daha da ağırlaşdırmamalıyıq. Beynəlxalq hüququn əsaslarına sadiq qalmaq çox vacibdir. Hər hansı bir etnik təmizləmə formasından qaçmaq vacibdir", – Quterreş BMT komitəsinin iclasında bildirib. "Biz "iki dövlətli" həlli təsdiq etməliyik", – o əlavə edib.
Quterreş çıxışında bildirib ki, dayanıqlı sülh "iki dövlətli" həllə doğru əhəmiyyətli, geri dönüşü olmayan və qalıcı irəliləyiş tələb edir. O deyib ki, bu sülh yolu işğalın sona çatmasını və müstəqil Fələstin dövlətinin yaradılmasını, Qəzzanın isə bu dövlətin ayrılmaz bir hissəsi kimi qəbul olunmasını təmin etməlidir.
BMT iki dövlətin - İsrail və Fələstinin təhlükəsiz və tanınmış sərhədlər daxilində yan-yana yaşamasını dəstəkləyir.
Benyamin Netanyahu və Donald Tramp Ağ evdə mətbuat konfransında
5 fevral
Tramp fələstinlilərin Qəzzadan getmələrini və ABŞ-nin ora nəzarətini təklif edir
ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb. Prezident Trampın sözlərinə görə, bu təklif fələstinlilərin ərazidən çıxarılmasını və Birləşmiş Ştatların bölgəni nəzarətə götürərək onu iqtisadi baxımdan inkişaf etdirib müxtəlif millətlərin sülh şəraitində yaşaya biləcəyi "mükəmməl" bir məkana çevirməsini nəzərdə tutur.
Trampın dediyinə görə, bu plan fələstinlilərin digər ölkələrə köçürülməsindən sonra həyata keçiriləcək. O, İsrail və HƏMAS (ABŞ, Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır) arasında bir ildən çox davam edən müharibədən sonra Qəzzada dağılmış binaların yaratdığı vəziyyəti "cəhənnəm çuxuru" adlandırıb.
O, belə radikal bir addımın vacib olduğunu vurğulayaraq fələstinlilər və israillilər arasında onilliklərdir sürən münaqişəni həll etməyə yönəlmiş əvvəlki təşəbbüslərin nəticə vermədiyini bildirib.
D.Trampın Qəzza zolağı ilə bağlı təklifi ABŞ-nin bölgəyə nəzarəti ələ almasını nəzərdə tutur və bu, İsrail-Fələstin münaqişəsinin həlli üçün uzun illər Vaşinqtonun dəstəklədiyi "iki dövlətli" həll siyasətini kökündən dəyişə bilər.
"Əgər lazım gələrsə, biz bunu edəcəyik. Həmin əraziyə nəzarəti ələ alacaq, onu inkişaf etdirəcək, minlərlə yeni iş yeri yaradacağıq və bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir yer olacaq", - Tramp deyib.
Prezident fələstinlilərin hansı ölkələrə köçürüləcəyinə dair təfərrüat verməyib, lakin onları digər ölkələrə "daimi" köçürməyi dəstəkləyəcəyini bildirib.
Mətbuat konfransında qabaq o, İordaniya, Misir və digər ərəb ölkələrini qəzzalıları qəbul etməyə çağırıb. HƏMAS isə qətiyyətlə Qəzzada qalmaq istədiyini bəyan edib.
Netanyahu isə bildirib ki, Tramp Qəzza zolağı üçün fərqli bir gələcək görür, o bu ərazinin İsrail xalqı üçün çoxsaylı "sınaqlar və çətinliklər" mənbəyi olduğunu qeyd edib.
"O, fərqli bir ideya irəli sürür. Bu, tarixi dəyişdirə biləcək bir şeydir və, həqiqətən, bu yolu izləməyə dəyər", - İsrail hökumət başçısı deyib.
"Klassik Tramp: Ən ekstremal yolu seçir"
HƏMAS-ın yüksəkvəzifəli rəsmisi Sami Əbu Zühri daha əvvəl Trampın qəzzalıların bölgəni tərk etməsi ilə bağlı çağırışlarını pisləyib və bunu onların torpaqlarından "sürgün edilməsi" adlandırıb.
Demokratiyaların Müdafiəsi Fondunun rəhbəri Mark Dubovits Trampın bu ideyanı ərəb ölkələrinin fələstinliləri qəbul etməyi rədd etməsindən sonra təzyiqi artırmaq məqsədilə irəli sürə biləcəyini deyib.
"İndi o, təzyiqi artırır: Əgər onları qəbul etmirsinizsə, biz onları özümüz çıxaracaq və Qəzzaya nəzarət edəcəyik. Klassik Tramp: Ən ekstremal yolu seçir, əvvəlcə məqbul olmayanı birdən-birə məqbul bir ortaq nöqtə kimi göstərir", - Dubovits X sosial şəbəkəsində bildirib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi verdiyi bəyanatda müstəqil Fələstin dövləti qurulması çağırışının "qətiyyətli, sabit və dəyişməz" bir mövqe olduğunu bildirib. Vurğulanıb ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla müstəqil Fələstin dövləti qurulması istiqamətində iş aparmağa davam edəcək.
Tramp Qəzza atəşkəsi, girovların azad edilməsi və İsrail ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinin bərpası məsələlərini müzakirə etmək üçün İsrail baş naziri Netanyahunu Ağ evə dəvət edib.