Tramp qlobal ticarətdə yeni tariflər elan edir

ABŞ prezidenti Donald Tramp və qızı İvanka fevralın 9-da Nyu -Orleanda keçirilən "Super Bowl"d iştirak edirlər.

Fevralın 10-da prezident Donald Tramp ABŞ-yə idxal olunan bütün polad və alüminium məhsullarına 25 faiz tarif tətbiq olunduğunu elan edib.

O, alüminium üçün tarif dərəcəsini əvvəlki 10 faizdən 25 faizə yüksəltməklə yanaşı, həm də ölkə istisnalarını, kvota razılaşmalarını, hər iki metal üçün məhsula xas tarif istisnalarını ləğv edən fərmanlar imzalayıb.

Ağ ev rəsmisi qərarların martın 4-dən qüvvəyə minəcəyini bildirib.

Yeni tariflər əvvəllər istisnalar çərçivəsində Birləşmiş Ştatlara Kanada, Braziliya, Meksika, Cənubi Koreya və digər ölkələrdən rüsumdan azad şəkildə gətirilən milyonlarla ton polad və alüminium idxalına şamil ediləcək.

Tramp Ağ evdə jurnalistlərə bildirib ki, bu addım metallara tətbiq olunan tarifləri sadələşdirəcək. "Bu, istisna və ya güzəştlər olmadan 25 faizdir. Mənşəyindən asılı olmayaraq, bütün ölkələrə şamil olunur", –o vurğulayıb.

Tramp ABŞ ilə ticarət kəsiri səbəbindən Avstraliyanın polad tariflərindən azad olunmaq tələbinə "xüsusi diqqətlə" yanaşacağını bildirib.

Prezidentin ticarət müşaviri Piter Navarro isə son tədbirlərin ABŞ-nin polad və alüminium istehsalçılarına dəstək olacağını, həmçinin ölkənin iqtisadi və milli təhlükəsizliyini gücləndirəcəyini söyləyib: "Bu, yalnız ticarətlə məhdudlaşmır. Məqsəd, ABŞ-nin polad və alüminium kimi strateji sahələrdə xarici ölkələrə möhtac qalmamasını təmin etməkdir".

Mütəxəssislər isə hesab edir ki, bu tariflər qlobal iqtisadiyyatda dalğalanmalara səbəb ola bilər.

ABŞ hökuməti və Amerika Dəmir və Polad İnstitutunun məlumatlarına görə, ölkəyə ən çox polad idxal edən dövlətlər Kanada, Braziliya və Meksika, daha sonra isə Cənubi Koreya və Vyetnamdır.

İlk prezidentlik müddətində Tramp polad idxalına 25 faiz və alüminiuma 10 faiz tariflər tətbiq edib, lakin daha sonra ABŞ-nin bəzi ticarət tərəfdaşlarına - Kanada, Meksika və Braziliyaya rüsumsuz ticarət kvotası verib. Trampdan sonra prezident Co Bayden bu kvotaları Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına da şamil edib.

Aİ: Əsaslandırılmamış tariflər cavabsız qalmayacaq

Avropa Komissiyası ABŞ prezidenti D.Trampın yeni tariflərlə bağlı qərarına münasibət bildirib.

Avropa Komissiyasının rəsmi saytında komissiyanın prezidenti Ursula Fon der Lyayenin adından bəyanat dərc olunub.

Bəyanatda Fon der Lyayen ABŞ-nin Avropadan idxal olunan polad və alüminiuma tarif vergisi tətbiq etmək qərarından "dərin təəssüf hissi" keçirdiyini bildirib.

"Tariflər vergilərdir - biznes üçün pis, istehlakçılar üçün daha pis. Avropa İttifaqına tətbiq olunan əsaslandırılmamış tariflər cavabsız qalmayacaq - onlar qəti və mütənasib əks tədbirlərə səbəb olacaq. Avropa İttifaqı öz iqtisadi maraqlarını qorumaq üçün hərəkətə keçəcək. Biz işçilərimizi, müəssisələrimizi və istehlakçılarımızı qoruyacağıq", - açıqlamada vurğulanır.