Rusiya amerikalı məhbus Mark Foqeli azad edib

Mark Foqel

ABŞ prezidentinin Yaxın Şərq üzrə müşaviri Stiv Uitkoff Rusiyanı amerikalı məhbus Mark Foqel ilə birlikdə tərk edib. Bu barədə Ağ ev məlumat verib.

Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun bəyanatında deyilir ki, Foqel mübadilə nəticəsində azad olunub. Onun kimə dəyişdirildiyi açıqlanmır. ABŞ hakimiyyəti öz vətəndaşının buraxılmasını Rusiyanın "xoş məramının təzahürü" və Ukrayna münaqişəsinə son qoyulması yolunda "yaxşı işarə" adlandırır.

Vaşinqtondan şəxsi təyyarənin Moskvaya eniş etdiyini Rusiya mediası hələ fevralın 11-i səhər saatlarında yazırdı. Eyni zamanda, Kreml Trampın ən yaxın adamlarından birinin Moskvaya mümkün gəlişi ilə bağlı məlumatı olmadığını bildirirdi. Prezidentin mətbuat katibi Dmitri Peskov onunla təmasların planlaşdırılmadığını deyirdi.

Mübadilə fevralın 14-16-da keçiriləcək və Ukraynada müharibənin dayandırılmasına həsr olunacaq Münhen Təhlükəsizlik Konfransından bir qədər əvvəl baş tutub.

Xatırlatma

M.Foqel Birləşmiş Ştatların Rusiyadakı səfirliyinin keçmiş əməkdaşıdır. 2022-ci ilin yayında Rusiya məhkəməsi onu narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.

Amerikalı 2021-ci ilin avqustunda Moskvanın Şeremetyevo hava limanında saxlanılıb. Onun üzərindən narkotik aşkar edilib. Həbs olunduğu zaman Foqel Moskva ingilis-Amerika məktəbində müəllim işləyirdi və artıq diplomatik statusu yox idi.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, ABŞ vətəndaşı günahını tamamilə etiraf edib. Foqel onurğa əməliyyatından sonra tibbi səbəblərdən marixuana istifadə etdiyini söyləyib. Bunu onun tibbi kitabçasındakı qeyd də təsdiqləyir. Foqel Rusiyada tibbi marixuana qadağasından xəbərsiz olduğunu deyib.