Paşinyan Makrona: Ermənistan-Fransa münasibətləri yeni səviyyəyə keçib

Emmanuel Makron və Nikol Paşinyan

Fevralın 10-da Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makron ilə görüşü olub.

Ermənistan hökuməti mətbuat xidmətinin məlumatına görə, Makron Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Ermənistanın inkişafı və sabitliyinin təmin olunması işində Fransanın dəstəyini bir daha təsdiqləyib.

Paşinyan səmimi qəbula görə minnətdarlığını bildirib və qeyd edib ki, 2024-cü il Ermənistanla Fransa arasında münasibətlərdə son dərəcə dinamik il olub. Onun sözlərinə görə, iki ölkənin rəhbərləri və müvafiq idarələr səviyyəsində bir çox görüşlər keçirilib, müntəzəm təmaslar davam etdirilir və hazırda Ermənistan-Fransa münasibətləri yeni səviyyəyə yüksəlib.

İki ölkə liderləri iqtisadiyyat, infrastruktur, yol tikintisi, energetika, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesinə, sərhədlərin demarkasiyası prosesinin inkişafına və "Sülh kəsişməsi" layihəsi çərçivəsində regional kommunikasiyaların açılmasına da toxunublar. Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini vurğulayıb. Regional əhəmiyyətli bir sıra digər məsələlər də müzakirə olunub.

Bundan əlavə, Ermənistan və Avropa İttifaqı arasında gələcək əməkdaşlığın perspektivləri, eləcə də Ermənistanda demokratik islahatların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.

N.Paşinyan Parisdə ikigünlük işgüzar səfərdədir, o burada süni intellekt məsələləri üzrə sammitdə iştirak edəcək.

Son illər Azərbaycan və Fransa arasında müəyyən gərginlik müşahidə edilir. Azərbaycan Fransa hökumətini onunla Qarabağ məsələsi ilə bağlı uzun illərdir münaqişədə olan Ermənistanı himayə etməkdə, onu silahlandırmaqda günahlandırır. Fransa rəsmiləri Azərbaycan və Ermənistan məsələsində tərəf tutmaqları ilə bağlı iddiaları qəbul etmirlər, sadəcə regionda sabitlik istədiklərini bildirirlər.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Tərəflər 2023-cü ildən sərhədlərin delimitasiyasına dair birbaşa danışıqlara başlayıblar.