Rəsmi Bakı Ermənistan baş naziri Nikol Paşinyanın "Armenpress" xəbər agentliyində dərc olunan məqaləsində Azərbaycanla bağlı yer alan fikirlərə münasibət bildirib.
Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, N.Paşinyanın məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı iddiaları dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
"44 günlük ( 2020-ci ildə) müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1.6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan, əsasən, Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir", - XİN sözçüsü Ayxan Hacızadə vurğulayıb.
XİN qeyd edir ki, "konstitusiyasında... davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir".
Nikol Paşinyan
Paşinyan Azərbaycanın Ermənistana təcavüzü ilə bağlı xəbərdarlıq edir
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanı onun ölkəsinə hücum etməyə zəmin hazırlamaqda günahlandırıb. O, rəsmi "Armenpress" xəbər agentliyində dərc olunan məqaləsində bu haqda yazıb.
"Azərbaycanın rəsmi təbliğatı getdikcə daha çox bu fikrə yönəlir ki, guya, Ermənistan silahlanır və Azərbaycana hücuma hazırlaşır. Yəni buna görə də Azərbaycan özünü müdafiə etmək və preventiv tədbirlər görmək hüququna malikdir", - o məqaləsində bildirib.
Paşinyan Bakının Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük hissəsini "Qərbi Azərbaycan" adlandırmağa davam etməsinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi bununla Ermənistan əleyhinə növbəti hərbi təcavüz üçün zəmin yaratmağa çalışa bilər.
Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır və ona qarşı heç bir hərbi planı, məqsədi yoxdur. Onun sözlərinə görə, Yerevan hətta "2021 və 2022-ci illərdə Azərbaycanın tutduğu" 200 kvadrat kilometr Ermənistan ərazisini çalışıb geri almaq üçün güc tətbiq etməyəcək.
Paşinyan həmçinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanması üçün çağırışlarını təkrarlayıb.
Yanvarın 7-də prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, "Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir". Onun sözlərinə görə, Ermənistanın silahlanması, "sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq".
"Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir", - o bildirib.
Rəsmi Bakı sülh razılaşması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi də daxil olmaqla, müxtəlif şərtlər irəli sürüb.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19 və 20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı bölücü qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.