AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə məhkəməyə zorla gətirildiyini deyir. O, fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "AbzasMedia" işi üzrə məhkəmə iclasında belə söyləyib.
İclas gedərkən məlum olub ki, bu iş üzrə məhkəməyə təqsirləndirilən 7 jurnalistdən üçü – F.Mehralızadə, Məhəmməd Kekalov və Hafiz Babalı qatılıb. Qalan dörd nəfər – "AbzasMedia"nın icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova onlarla qaba davranılmasına etiraz olaraq, məhkəmədə iştirakdan boyun qaçırıblar.
F.Mehralızadə məhkəməyə zorla gətirildiyini, Bakı İstintaq Təcridxanasının əməkdaşlarının saxlandığı kameraya gəlib zorla əllərini qandallayaraq məhkəməyə gətirdiklərini bildirib.
Jurnalist uzun müddətdir ayrıseçkiliyə məruz qaldığına da diqqət çəkib: "İstintaq çoxdan başa çatsa da, artıq gizlədilməli bir şey yoxdur. Bizi bir-birimizdən gizlədirlər. Elə aparıb-gətirirlər ki, bir-birimizi, başqa siyasi məhbusları görməyək".
Jurnalistin sözlərinə görə, bu üzdən ailə üzvləri və vəkilləriylə görüşlərini xeyli vaxtdır yubadırlar.
F.Mehralızadə əlavə edib ki, məhkəməyə də ayrı-ayrılıqda gətirilir, onların bir-biri ilə ünsiyyətdə olmamasına çalışırlar.
Vəkil Şəhla Hümbətova da bildirib ki, "AbzasMedia" işi üzrə təqsirləndirilən jurnalistlər Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclaslara gətirilərkən saatlarla zirzəmidə - soyuq və natəmiz şəraitdə saxlanılırlar.
"AbzasMedia" işi üzrə məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıxov jurnalistlərin etirazının araşdırılmasından ötrü prosesi fevralın 18-dək ertələyib.
Buna da bax: 'AbzasMedia' işində DGK sədrinin məhkəməyə çağrılması tələb edildiXatırlatma
"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ü.Həsənli və direktor müavini M.Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Ü.Həsənli bu pulu ofisə axtarış aparanların özlərinin atdığını bildirib.
Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.
Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Son bir ildə Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını desələr də, beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.