Qarabağdakı keçmiş separatçı rejimin keçmiş "müdafiə naziri" Cəlal Harutyunyan Yerevanda 5.5 il həbs cəzasına məhkum edilib. O, 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda uğursuzluqlarda da təqsirli bilinib.
Müharibədə yaralanmış Harutyunyan özünü təqsirli bilməyib, hökmdən şikayət verəcəyini deyib.
Onun vəkili isə AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, "günahkarlar var, ancaq Harutyunyan onların siyahısında deyil".
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan 2023-cü il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.