Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 22:40

Azərbaycanın korrupsiya indeksində balı azalıb, yeri dəyişməyib


Korrupsiya
Korrupsiya

"Transparency International" təşkilatı fevralın 11-də Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb.

CPI 180 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ekspert, habelə biznes adamlarının təsəvvürlərinin, qavrayışının səviyyəsini göstərir. Hər ölkənin indeksi azı üç fərqli mənbədən alınan məlumatlar əsasında hesablanır, ümumilikdə 13 müxtəlif korrupsiya sorğusu və qiymətləndirməsinə əsaslanır. Bu məlumatları Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla, müxtəlif nüfuzlu qurumlar toplayır.

İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə onun çox yüksək olduğunu göstərir.

Builki hesabata görə, Danimarka 90 bal toplayaraq (yeddinci il ardıcıl olaraq) reytinqin lideri olub. Finlandiya 88, Sinqapur isə 84 balla, müvafiq olaraq, ikinci və üçüncü yerləri tutub. Yeni Zelandiya 83 balla 2012-ci ildən bəri ilk dəfə ilk üçlükdən kənarda qalsa da, yenə də ilk onluqda qərarlaşıb. İlk onluqda həmçinin Lüksemburq (81 bal), Norveç (81), İsveçrə (81), İsveç (80), Niderland (78), Avstraliya (77), İslandiya (77) və İrlandiya (77) yer alıb.

Venesuela (10 bal), Somali (9 bal) və Cənubi Sudan (8 bal) ən aşağı göstəricilərə sahibdir.

Azərbaycan və qonşuları…

2024-cü il Korrupsiyanı Qavrama İndeksinə görə, Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü sırada olub. Əvvəlki illə (2023) müqayisədə ölkənin sırası dəyişməsə də, balı 1 pillə azalıb.

Gürcüstanın balı 53 olub və 180 ölkə arasında elə 53-cü sırada qərarlaşıb. 2023-cü illə nisbətən ötən il Gürcüstanın siyahıda yeri dəyişməyib.

Azərbaycanın digər qonşusu - Ermənistan isə, hesabata görə, 100 baldan 47 bal toplayıb və 180 ölkə arasında 63-cı sırada yer alıb. Ermənistanın indeksində də əvvəlki illə müqayisədə irəliləmə və ya geriləmə qeydə alınmayıb.

Hər iki ölkənin göstəricisi qlobal ortalama 43 baldan yuxarıdır.

Rusiya da Azərbaycanla eyni balı bölüşür. Bu ölkə 2023-cü illə müqayisədə 4 bal geriləyib və 22 balla 154-cü sırada qərarlaşıb.

Türkiyə ilə İran isə 100 baldan, müvafiq olaraq, 34 bal (107) və 23 bal (151) toplayıblar.

XS
SM
MD
LG