"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Bəs orta peşə təhsilində vəziyyət necədir? Azərbaycanda 60-dan artıq kollec və digər orta ixtisas təhsil müəssisələrinin olduğu bildirilir.
Bir çox məzunlar şikayətlənir ki, kollec bitirəndən sonra iş tapa bilmirlər.
"Universitet yox, kollec bitirmisən, iş yoxdur"
Bakı Sənaye-Pedaqoji Kollecinin məzunlarından Ayxan İbrahimov (adı şərtidir) AzadlıqRadiosuna deyib ki, həmin təhsil müəssisəsini iki il əvvəl bitirsə də, hələ də lazımı iş tapa bilmir: "Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə kolleci bitirsəm də, ixtisasa uyğun iş tapa bilməmişəm. Ya vakansiya yoxdur, ya da maaş o qədər aşağıdır ki, bu maaşa dolanmaq mümkün deyil. Əsasən deyirlər ki, universitet yox, kolleci bitirmisən, iş yoxdur".
Məzun qeyd edib ki, hazırda başqa ixtisas üzrə universitetə hazırlaşır: "Mənim kimi məzunlar çoxdur. Başqa kollecləri bitirən, iş tapa bilməyənlər də kifayət qədərdir".
Peşə təhsili qəbulunda da artım var
Elm və Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, 2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb: "21179 nəfər dövlət sifarişli, 3642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb".
Vurğulanıb ki, ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı 1275 vakant yer təqdim olunub. "Ümumilikdə 3708 nəfər müraciət edib və 2375 şəxs imtahana buraxılıb. İmtahan mərhələsində uğur qazanmış 485 nəfərdən 388 nəfəri müsahibədə iştirak edib və 308 nəfər işə qəbul olunub", - nazirlikdən əlavə edilib.
"Bizdə kadr kor-koranə, hədəf olmadan hazırlanır"
Təhsil eksperti Elşən Qafarov isə diqqəti peşə standartlarına çəkir: "Dünyanın bütün ölkələrində kadr hazırlığı standartlar üzrə təşkil olunur. Çox təəssüf ki, ölkəmizdə ayrı-ayrı ixtisaslar üzrə peşə standartı yoxdur. Hətta təhsil sahəsində müəllimlərin peşə standartı yoxdur. Bizdə kadr kor-koranə, hədəf olmadan hazırlanır".
Onun sözlərinə görə, hansı peşələrin sahiblərinə ehtiyac varsa, o sahə üzrə hazırlıq aparılmalıdır: "2022-ci ildə ölkə prezidenti əmək bazarının öyrənilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda göstərilir ki, bu məqsədlə iki institut yaradılmalıdır. Həmin institutlar 2023-cü ildə fəaliyyətə başlamalı idi. Çox təəssüf ki, sərəncam yerinə yetirilməyib və əmək bazarının öyrənilməsi ilə bağlı institutlar yoxdur".
E.Qafarov vurğulayıb ki, belə olan halda, ölkədə kadr hazırlığı tələb-təklif prinsipi əsasında hazırlanmır: "Bu problemi aradan qaldırmaq üçün ilk növbədə prezidentin sözügedən sərəncamı yerinə yetirilməlidir. Bu sahəyə qeyri-hökumət sektoru da cəlb olunmalıdır, beynəlxalq standartlara uyğun peşə standartları hazırlanmalıdır".