1948-ci il, martın 10-da səhər saat 6:15-də Çexoslovakiyanın xarici işlər naziri Yan Masarikin cansız bədəni qaldığı otelin həyətində tapılıb. 77 il sonra çexlər hələ də soyuq savaş tarixinin dönüş anlarından biri olan bu olayla bağlı gerçəkləri özlərindən ötrü aydınlaşdırmağa çalışırlar.
Masarikin pəncərədən yıxılması qəza idimi? O özünü pəncərədən atmaqla intiharmı edib, yoxsa onu itələyiblər? Elədirsə, kim itələyib? Çexoslovakiya kommunistləri? Sovet gizli polisi? Onun ölkəni satdığını düşünən loyalistlər? Kommunist hakimiyyəti dövründə Çexoslovakiya hökuməti və tarixçilər bu suallara güvəniləsi cavablar tapmaq üçün, azı, dörd rəsmi çaba göstəriblər.
Bu il yanvarın 10-da Çexiya polisi Masarikin ölümü ilə bağlı cinayət təhqiqatının yenidən açıldığını elan etməklə bütün ölkəni təəccübləndirib. Qurum bu addımı "komissiyanın qətl cinayətindən şübhələnməsi" ilə əsaslandırıb və bildirib ki, həmin addıma təkan verən katalizatorlardan biri Britaniya, Fransa, ABŞ və Çexoslovakiya xarici işlər nazirliklərinə aid, onillərlə tarixi olan, ancaq polisin ötən il əldə etdiyi diplomatik yazışmalardır. AzadlıqRadiosu ötən ilin oktyabrında bu yazışmaları araşdırıb.
"Məqsəd… bəzi sualları cavablandıra biləcək yeni bağlantılar tapmaqdır"
"Məqsəd bu yeni bilgini buvaxtadək üzə çıxarılmış faktlarla müqayisə etmək və uzun zamandan bəri cavabsız qalan bəzi sualları cavablandıra biləcək yeni bağlantılar tapmaqdır", - polisin açıqlamasında belə deyilir.
Ölkənin çağdaş tarixi barədə bir çox yazının müəllifi olan alim Mixal Steqlik AzadlıqRadiosuna müsahibəsində deyib ki, çexlər üçün Masarikin ölümü tarixi rəmz, onillərlə sürən kommunist hakimiyyətinin başlanğıcını müşayiət edən qorxunc hadisədir.
"Yan Masarikin ölümü Çexoslovakiya və çex cəmiyyəti üçün Kennedinin Dallasdakı qətli kimidir", - Steqlikin sözləridir.
AzadlıqRadiosunun əməkdaşları Mayk Ekel, Dana Katarina Vaskova və Stüart Qririn hazırladığı materialda deyilir ki, Masarik Çexoslovakiyanın siyasi aristokratiyasına mənsub idi. Onun atası Tomaş Masarik 1918-ci ildə Avstriya-Macarıstan imperiyasının xarabalıqları üzərində müstəqil birinci Çexoslovakiya Respublikasının yaradılmasına qatılıb və 1935-ci ilədək respublikanın prezidenti olub.
Britaniya və ABŞ-də təhsil almış oğul Masariksə diplomatik korpusa qoşulub və xarici işlər naziri Edvard Beneşin yüksəkvəzifəli yardımçılarından biri olub.
1938-ci ildə imzalanan və Adolf Hitlerin Çexoslovakiyanın bir hissəsini ilhaq etməsinə yol açan Münxen sazişindən sonra Masarik Londonda yaşayıb və mühacirət hökumətinin xarici işlər naziri olub. İkinci Dünya savaşı illərində BBC-də çex dilində yayımlanan proqramları onu çexdilli auditoriya arasında məşhurlaşdırıb.
Müharibədən sonra xarici işlər naziri kimi Praqaya qayıdan Masarik hətta 1946-cı ildə kommunist lider Klement Qotvald baş nazir olandan sonra da bu vəzifədə qalıb. Növbəti il o, Moskvaya səfər edib. Burada sovet rəsmiləri "Marşall planı"ndan imtina etməsi üçün Çexoslovakiyaya təzyiq göstəriblər. ABŞ "Marşall planı" çərçivəsində Avropanın yenidən qurulmasına milyardlarla dollar vəsait ayırmışdı.
1948-ci ilin fevralında kabinetin kommunist olmayan 12 üzvü Qotvaldı polis qurumlarını kommunist partiyasının üzvləri ilə doldurmaqda suçladı və etiraz əlaməti olaraq istefa verdi. Silahlı kommunist dəstələri və onları dəstəkləyən polis qüvvəsi güc nümayiş etdirmək üçün Praqaya daxil oldu. İki gün sonra o zaman artıq prezident olan Beneş kommunistlərin tələblərinə təslim olaraq yeni və kommunistlərin say üstünlüyü olan hökuməti formalaşdırdı.
Çex və Qərb tarixçiləri bu olayı çevriliş sayırlar
Qarşıdakı 41 il boyunca kommunist partiyasının nəzarətində olan Çexoslovakiya "dəmir pərdə"nin arxasında qaldı.
Təxminən üç həftə sonra, martın 9-u axşamı hökumətdən istefa verməyən Masarik Xarici İşlər Nazirliyinin ikinci mərtəbəsində yerləşən rəsmi yaşayış mənzilində idi. Mənzil imperiyadanqalma Çernin sarayında yerləşirdi.
Masarikin xidmətçisinin ifadəsinə görə, axşam saat 8:30 radələrində çex dilində danışan üç kişi Masariklə görüşmək üçün gəlib. Onları tanımadığını deyən xidmətçi bir saat sonra dörd fincan sadə qəhvə gətirib.
Xidmətçi saat 10 radələrində Masarikin otağından gələn atışma səsindən oyandığını deyib. O, Masarikin bu sözlərini eşidib: "Mən sizin üçün bunu etməyəcəyəm. Hər şeyi imzalayacağam, ancaq bunu yox. Hər şeyi edəcəyəm, ancaq bu, yalnız mənim ölümümdən sonra baş tuta bilər".
Xidmətçi saat 10 və 11 arasında daha bir neçə dəfə güllə səsi eşitdiyini, saat 11:45-də isə Masarikə daha bir fincan qəhvə gətirdiyini, daha sonra həmin gecəlik sərbəst buraxıldığını bildirib. "Vəssalam. Sən daha get yat. Gecən xeyrə qalsın və allah köməyin olsun", - Masarik belə deyib.
Xidmətçi Masariki sağ görən sonuncu adam olub
Masarikin cansız bədəninin aşkar edilməsindən təxminən altı saat sonra rəsmi Çexoslovakiya Mətbuat Agentliyi onun intihar nəticəsində öldüyünü elan edib. İllər ərzində cinayətin baş verdiyini göstərən tutarlı dəlillərin olmaması çoxlarının bu versiyanı qəbul etməsinə səbəb olub.
ABŞ-nin Praqadakı səfirliyinin bir yüksəkrütbəli rəsmisinin göndərdiyi, 1949-cu ilə aid bir diplomatik yazışmada Çexoslovakiya Xarici İşlər Nazirliyinin keçmiş baş katibi bildirir ki, Masarik cəsədinin aşkar edilməsindən bir neçə gün öncə özünü öldürməkdən danışırmış. Nazirliyin keçmiş əməkdaşı Masarikin guya Nyu-Yorkda bir neçə min dolları bəyan etmədiyini, yeni kommunist hökumətinin onun maliyyə qaydalarını pozduğunu aşkar edə biləcəyini etiraf etdiyini deyib.
Ancaq hətta məhkəmə sənədlərinin və nazirlik əməkdaşlarının, Masarikin dostlarının və müttəfiqlərinin ifadələrinin onillərlə öyrənilməsindən sonra da istər həvəskar, istərsə peşəkar tarixçilər hələ də ortaq məxrəcə gəlməyiblər.
Sənədlərdə açıq qalan suallardan biri də Masarikin ölümündən öncə onu ziyarət edən üç kişinin kim olmasıdır. Bugünədək Çexiya qurumları onların kimliyini bilmir.
Açıq qalan məsələlərdən biri də budur: Masarikin cəsədinin tapıldığı yerə ilk gələn rəsmilər ekspertiza polisinin müstəntiqləri olmayıb; təmizlikçidən sonra bir yanğınsöndürən gəlibmiş.
"Praqa baharı" Masarikin ölümünə marağı yenidən alovlandırdı
1968-ci ildə, kommunist hakimiyyətinin "Praqa baharı" kimi tanınan qısa yumşalması zamanı Masarikin ölümünün hansı şəraitdə baş verməsinə maraq yenidən alovlanıb.
Britaniyanın Praqadakı səfirliyinin 1968-ci il aprelin 15-də göndərdiyi raportda deyilir ki, Xarici İşlər Nazirliyinin pasport idarəsinin bir əməkdaşı gecə saat 11-də maşınların nazirliyin həyətinə daxil olduğunu, bundan az sonra onun qapısının bayırdan kilidləndiyini, telefonununsa kəsildiyini bildirib. Dörd saat sonra işçinin qapısının kilidi açılıb, telefonu isə yenidən işə düşüb. İşçi təxminən həmin vaxt maşınların çıxıb getdiyini eşidib.
Daha bir diplomatik yazışmada Praqa polisinin bir əməkdaşı Masarikin mənzilində yarıyeyilmiş bir alma, açıq "İncil" və yerə tökülmüş, yuxugətirici olduğu düşünülən həblər aşkar etdiyini bildirir. Bundan başqa, Masarıkın pəncərəsindən yıxıldığı düşünülən vanna otağında pəncərənin altında, insan beli bərabərində insan nəcisi aşkar edilib. Duş kabinəsində taxta stul, vanna otağının döşəməsində isə döşəkcə olub.
Yanvarın 10-da yeni təhqiqatın başlanmasına dair verilən açıqlama Çexiyada günlərlə xəbər başlıqlarında hallanıb. "Masarik öldürülübmü? Yeni sənədlər kömək edəcək, ancaq Rusiya susur", – "Seznam Zpravy" adlı onlayn-qəzetin xəbər başlığında belə deyilir. Bu başlıq çexlərin SSRİ-nin müdaxiləsi ilə bağlı şübhələrini əks etdirir.
Çex polisi AzadlıqRadiosunun araşdırmanın yenilənməsinin səbəblərinə dair sorğu e-mail-inə dərhal cavab verməyib.
İllər ərzində Masarikin ölümü ilə bağlı dörd araşdırma aparılıb. Onun intihar nəticəsində öldüyünə dair ilkin versiya 1968-ci ilin Praqa sənədlərində rəsmi nəticə olaraq qalıb. Bu nöqtədə tarixçilər və digər araşdırmaçılar müxtəlif qənaətlərə gəlib çıxmışdılar: Bu ya intihar, ya da qəza idi; qətl versiyası istisna edilirdi.
Kommunist hakimiyyətinin çöküşündən sonra daha iki araşdırma aparılıb. 1996-cı ildə bitən üçillik araşdırma nəticəsində Masarikin kimdənsə qaçan zaman vanna otağının pəncərəsindən yıxıldığı qənaətinə gəlinib. 2001-2003-cü illərdə aparılan ikinci araşdırma isə mövcud ekspertiza bilgilərinə, məsələn, cəsədin pəncərəylə müqayisədə mövqeyi kimi detallara fokuslanırdı. Bu araşdırma nəticəsində Masarikin qətlə yetirildiyi qənaətinə gəlinib.